Sel, sürüşmə, ildırım... Nepalda faciə - Ölən və itkin düşənlər var
Nepalda musson yağışlarının səbəb olduğu daşqınlar, torpaq sürüşmələri və ildırım nəticəsində 21 nəfər həyatını itirib, 5 nəfər itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Balendra Şah bildirib.
Onun sözlərinə görə, daha 5 nəfər xəsarət alıb və onlara pulsuz tibbi yardım göstərilir.
Təbii fəlakət Myaqdi, Dolpa, Dhanusha, Palpa, Baqlunq, Lamcung, Rukum-Qərb, Kavre, Dhadinq, Makvanpur və Surxet dairələrinə təsir edib.
Fəlakət nəticəsində 747 ailə birbaşa zərər çəkib. Təxminən 2 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Xilasetmə əməliyyatları zamanı insanları təxliyə etmək üçün helikopterlərdən də istifadə olunub.
Daşqın və torpaq sürüşmələri nəticəsində 143 ev tamamilə dağılıb, 51 evə isə qismən ziyan dəyib.
Nepal ordusu son sutka ərzində təbii fəlakətdən zərər çəkən ərazilərdən 684 nəfəri xilas edib. Onlardan 78 nəfər Myaqdinin Paudar bölgəsindən helikopterlə təxliyə olunub.
Aysel Mətləb