Rusiyanın hərbi təyyarələri Cənubi Koreyanın hava zonasına yaxınlaşdı – Qırıcılar havaya qaldırıldı
Rusiyaya məxsus bir neçə hərbi təyyarə Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Tanınma Zonasına (KADIZ) qısa müddətə daxil olub.
TodayPress TV xəbər verir ki, "Yonhap" xəbər agentliyinin Birləşmiş Qərargah Rəislərinə istinadən yaydığı məlumata görə, hadisə 25 avqustda Dokdo və Ulleungdo adaları yaxınlığında baş verib.
Cənubi Koreya hərbçiləri buna cavab olaraq qırıcı təyyarələri havaya qaldırıblar. Bildirilir ki, Rusiya təyyarələri ölkənin hava məkanını pozmayıb.
Bu, son aylarda regionda baş verən oxşar hadisələrin davamıdır. İyun ayında Rusiya və Çin hərbi təyyarələri də Cənubi Koreyanın KADIZ zonasına daxil olub, Cənubi Koreya ordusu ümumilikdə 10-a yaxın təyyarə aşkarlayıb.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Rusiya və Çin hərbi aviasiyasının Asiya-Sakit okean regionunda birgə hava patrulu həyata keçirdiyini açıqlayıb. Patrul təxminən 6 saat davam edib.
Türkan İsgəndərli