Rusiya təhlükəsi NATO-nu narahat edir: Avropanın gücü çatmayacaq?
NATO ilə əməkdaşlıq edən hərbi planlaşdırıcılar Rusiyaya qarşı mümkün müharibə fonunda Avropanın uzunmüddətli müharibəni davam etdirmək imkanlarından narahatdırlar.
TodayPress TV xəbər verir ki, “The Guardian”ın yazdığına görə, hərbi planlaşdırıcılar Avropada müharibəyə hazırlıq səviyyəsinin və uzunmüddətli qarşıdurmaya ictimai dəstəyin kifayət qədər olmadığını düşünürlər. Bu səbəbdən NATO-nun mümkün münaqişə halında daha qısa müddətli müharibəyə hesablanmış planlara üstünlük verməli olduğu bildirilir.
Nəşr qeyd edir ki, Avropada populist və sağ yönümlü siyasi qüvvələrin mövqelərinin güclənməsi də müdafiə sahəsində daha sıx əməkdaşlıq planlarını çətinləşdirir.
Bundan əlavə, ABŞ-nin Avropanın müdafiəsindəki rolunu azaltmağa hazırlaşması NATO-nun Avropa ölkələri arasında daha böyük məsuliyyət bölgüsü aparmasını zəruri edir.
Hərbi ekspertlərin fikrincə, Avropanın əsas problemlərindən biri Rusiyanın dezinformasiya, kiberhücumlar və siyasi müdaxilə kimi hibrid fəaliyyətləri qarşısında dayanıqlılığın zəifləməsidir.
Kübra Musayeva