Rusiya raketi ilə Amerika silahı eyni evə sığmır

Rusiya raketi ilə Amerika silahı eyni evə sığmır
21.09.2026 23:43 Dünya

ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyənin Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərinin Amerika silahları ilə birgə istifadə oluna bilməyəcəyini və hazırda Konqresin yaranmış problemə həll yolu axtardığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "CNN Türk" telekanalına danışıb.

"Konqresdə CAATSA məsələsinə baxılması prosesi davam edir. Müdafiə və silahlanma sahələrində böyük dəyişikliklər baş verib. Rusiyanın "S-400" sisteminin istifadəsi Amerika sistemi ilə tamamilə uyğunsuzluq təşkil edir. Biz belə bir məsələ ilə ilk dəfə qarşılaşırıq. Konqres "S-400" probleminin həlli üzərində işləməlidir. Məsələ həll oluna bilər və Konqres bununla məşğuldur. Lakin bu, ölkələrimiz arasındakı münasibətlərdə kritik bir problem deyil", - deyə hazırda Nyu-Yorkda olan diplomat bildirib.

O, müdafiə imkanları baxımından Türkiyə üçün heç bir problem görmədiyini qeyd edib:

"Türkiyənin müdafiə sənayesi çox güclüdür. Bundan əlavə, prezidentlərimiz arasında sıx münasibətlər formalaşıb".

Xatırladaq ki, daha əvvəl "Hürriyet" qəzeti "S-400"ün Türkiyə tərəfindən Fars körfəzi dövlətlərindən birinə re-eksport olunduğunu bəyan etmişdi. Ən ehtimal olunan alıcılar arasında Qətər və Birləşmiş Ərəb Əmirlikləri göstərilirdi.

Öz növbəsində "Türkiye" qəzeti müdafiə naziri Yaşar Gülərə istinadən xəbər verib ki, respublika "S-400"lərin təkrar ixracı məsələsində üçüncü ölkələrlə danışıqları davam etdirir.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər