Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır
HƏMAS nümayəndə heyəti misirli rəsmilərlə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsini tamamlamaq və növbəti mərhələyə keçidi müzakirə etmək üçün Qahirəyə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilib.
Məlumata görə, nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Həyya rəhbərlik edir.
"Danışıqların yeni mərhələsinin şənbə günün (6 iyun - red.) başlaması və bir neçə gün davam etməsi planlaşdırılır", - deyə bəyanatda qeyd olunub.
Bəyanata əsasən, nümayəndə heyəti atəşkəs razılaşmasının birinci mərhələsinin icrasını yekunlaşdırmaq, İsrailin Qəzza zolağına təkrarlanan hücumlarını dayandırmaq və sazişin ikinci mərhələsinə keçid üçün uyğun mexanizmlər qurmaq məqsədilə misirli rəsmilər və vasitəçilərlə görüşəcək.
Həmçinin bildirilib ki, nümayəndə heyəti müxtəlif məsələlərlə bağlı vahid milli mövqe ortaya qoymaq və Fələstin xalqının üzləşdiyi çətinliklərin həlli yollarına dair konsensus əldə etmək üçün Fələstin qrupları və qüvvələri ilə də bir araya gələcək.
Aysel Mətləb