"Qaydaları pozan gəmilər..." - BMT-nin dəniz qurumundan təcili çağırış

"Qaydaları pozan gəmilər..." - BMT-nin dəniz qurumundan təcili çağırış
11.11.2026 21:26 Dünya

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında beynəlxalq gəmiçilik normalarına riayət olunmasını təmin etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bunu  BMT-nin ixtisaslaşmış qurumunun
baş katibi Arseniо Dominqes bildirib.

“IMO-nun texniki və istismar normaları dənizçilərin, gəmilərin və dəniz mühitinin mühafizəsini təmin etmək məqsədi daşıyır. Bu normalara əməl edilməli və onların icrası səmərəli şəkildə təmin olunmalıdır. Bununla belə, gəmilərin boğazdan "Dənizdə insan həyatının mühafizəsinə" dair Konvensiya kimi beynəlxalq müqavilələrin əsas müddəalarına riayət etmədən keçməsi ilə bağlı həddindən artıq çox hal qeydə alınır”, – deyə o vurğulayıb.

Dominqes müəyyən edilmiş standartlara cavab verməyən, IMO nömrələrini gizlədən, saxta qeydiyyatla və ya saxta bayraqlar altında fəaliyyət göstərən gəmilərin boğazdan keçməyə davam etməsi ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.

“Bütün bayraq dövlətlərini, liman dövlətlərini və müvafiq sahilyanı dövlətləri IMO konvensiyaları çərçivəsində öhdəliklərini yerinə yetirməyə, öz yurisdiksiyaları daxilində və beynəlxalq hüquqa uyğun olaraq pozuntuların aradan qaldırılması üçün tədbirlər görməyə çağırıram”, – deyə Dominqes bildirib.

IMO-nun statistikasına görə, ABŞ və İran arasında münaqişə nəticəsində Hörmüz boğazında ən azı 25 dənizçi həlak olub. Fevralın sonundan noyabrın 7-dək regionda ticarət gəmilərinə hücumların ümumi sayı isə 133-ə çatıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər