Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi

Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi
04.08.2026 02:44 Dünya

Qananın paytaxtı Akkra şəhərində plastik tullantılar emal edilərək səki daşlarına çevrilir. Hazırlanan məhsullar beton bloklarla müqayisədə daha ucuz başa gəlir.

TodayPress TV-nin məlumatına görə, “The Times of India” nəşri yazır ki, layihənin təşəbbüskarı Nelson Boatengdir. Kompüter şəbəkələri üzrə təhsil alan Boateng əvvəllər plastik torbaların istehsalı ilə məşğul olub. Daha sonra həmin materialdan yol örtüyü hazırlamaq ideyasını həyata keçirib.

Hazırda Akkra şəhərində gündə təxminən 2 800–3 000 ton bərk məişət tullantısı yaranır. Bunun 300–450 tonunun plastik tullantılar olduğu bildirilir.

Məlumata görə, Qanada hər gün atılan təxminən 5 000 ton plastik tullantının cəmi 5 faizi təkrar emal müəssisələrinə göndərilir. Qalan hissə isə zibilliklərə atılır. Ölkədə il ərzində təxminən 1,1 milyon ton plastik tullantı yaranır.

Boateng tərəfindən yaradılan “Nelplast” şirkəti plastik tullantıları səki daşlarına çevirir. Bu məhsulların hazırlanmasında sement və bitumdan istifadə edilmir.

Proses zamanı plastik tullantılar əvvəlcə xırdalanır, yuyulur və qurudulur. Daha sonra qumla, bəzi hallarda isə piqmentlə qarışdırılır. Alınan qarışıq müxtəlif plastik növlərinin fərqli temperaturda əriməsi nəzərə alınaraq xüsusi hazırlanmış üç qızdırma zonalı ekstruziya aparatına ötürülür. Nəticədə isti pasta əldə olunur və qəliblərə preslənərək hazır səki daşları hazırlanır.

Layihənin əsas üstünlüklərindən biri qiymətidir. Nelson Boateng bildirib ki, bir plastik blokun qiyməti təxminən 1 dollar təşkil edir. Ənənəvi beton blokun orta qiyməti isə 1,50 dollar civarındadır.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər