Putin Çinə nüvə təyyarələri ilə gedir - FOTO
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə nüvə silahı daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələrin müşayiəti ilə yola düşüb.
TodayPress TV xəbər verir ki, noyabrın 17-də Rusiyanın iki ədəd Tu-95MS strateji bombardmançısı RF-94202 və RF-94188 bort nömrələri ilə Asiya ölkələri üzərində uçuş həyata keçirərək Vyetnamın Da Nang hava limanına eniş edib.
OSINT analitiklərinin məlumatına görə, nüvə başlıqlı X-102 raketləri daşımaq qabiliyyətinə malik təyyarələri iki ədəd İl-76MD hərbi-nəqliyyat təyyarəsi müşayiət edib.
Rusiya hərbi təyyarələri 12 ildən sonra ilk dəfə Vyetnamda görünüb. Onlar sonuncu dəfə 2014-cü ildə yanacaq doldurmaq üçün ölkədə qısa müddətə dayanmışdılar.
Bundan əlavə, Tayvan hakimiyyəti çərşənbə axşamı səhər saatlarında adanın şərq sahilləri yaxınlığında iki Rusiya təyyarəsinin aşkarlandığını bildirib. Yaponiya hökuməti isə Rusiya təyyarələrinin Okinoshima adası yaxınlığında ölkənin hava məkanını pozduğunu açıqlayıb. Onların qarşısını almaq üçün Yaponiya Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
Qeyd edək ki, Putinin sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə görüşü gözlənilir.
Kübra Musayeva
