Orban: Macarıstan Aİ-də veto hüququnun ləğvinə imkan verməyəcək

Dünya

14.02.2026 16:15

"Budapeşt Brüsselin təzyiqlərinə baxmayaraq müstəqil mövqeyini qoruyacaq"

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə 2025-ci ilin siyasi yekunları və hökumətin yaxın dövr üçün planları ilə bağlı ənənəvi çıxışı zamanı bildirib.

O qeyd edib ki, Macarıstan Avropa İttifaqındakı müstəqil mövqeyindən imtina etməyəcək və veto səlahiyyətinin ləğvinə yol verməyəcək. 

Onun builki çıxışı 12 aprelə təyin olunan parlament seçkiləri ərəfəsində baş tutduğu üçün xüsusi diqqət çəkib. Hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının platformasında əsas məqamlardan biri Ukraynadakı münaqişə ilə bağlı Aİ rəhbərliyi ilə fikir ayrılığıdır.

Budapeşt hesab edir ki, Brüssel Ukraynanı birliyə qəbul etmək məqsədilə Macarıstanı Aİ-dəki veto hüququndan məhrum etməyə çalışır və müxalifətdəki "Tisza" partiyasını dəstəkləməklə ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindədir. 

Orban vurğulayıb ki, Brüsselin təzyiqlərinə baxmayaraq, Macarıstan bu məsələlərdə müstəqil mövqeyini qoruyacaq.

“Müstəqil mövqeyə dəyər verilməlidir”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, müxalifət hakimiyyətə gələrsə, Macarıstanı ümumi Avropa xarici siyasətinə tam inteqrasiya edəcək. Orbanın sözlərinə görə, buna yol vermək olmaz.


Jalə Rövşən

TodayPress TV

tag: Viktor Orban,"Budapeşt,Macarıstan,Aİ,Todaypress.tv,