Münxendə Təhlükəsizlik Konfransına qarşı aksiya keçirildi
Dünya
14.02.2026 20:30
Münxendə minlərlə sakin Təhlükəsizlik Konfransının keçirilməsinə etiraz olaraq nümayişə çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Məlumata görə, etirazçılar sülh danışıqlarının tərəfdarı olduqlarını bildirərək, Ukraynaya silah tədarükünün davam etdirilməsinə qarşı çıxıblar. Aksiyanı təşkil edən “Təhlükəsizlik Konfransına qarşı Fəaliyyət Alyansı”nın bəyanatında Rusiyanın NATO-ya hücum edəcəyi ilə bağlı iddiaların genişmiqyaslı silahlanmaya bəraət qazandırmaq üçün istifadə olunduğu qeyd olunub.
Nümayiş Münxenin mərkəzi Karlsplats meydanında başlayıb və daha sonra konfransın keçirildiyi əraziyə doğru yürüşlə davam edib. Təşkilatçılar və polis aksiyada 4 mindən çox insanın iştirak etdiyini bildirib.
Etirazçılar Almaniya–Rusiya dostluğunu simvolizə edən bayraqlar, Fələstin bayraqları, həmçinin Ukrayna və İsrailə silah göndərilməsinin dayandırılmasını tələb edən plakatlar qaldırıblar. Onların əsas məqsədi konfransın keçirildiyi ərazini mühasirəyə almaq olub.
Aksiya təşkilatçıları Almaniya hökumətini “aqressiv münaqişələrə” can atmaqda ittiham edərək, bunun yeni dünya müharibəsinə səbəb ola biləcəyini iddia ediblər. Təhlükəsizliyi təmin etmək üçün Almaniyanın müxtəlif regionlarından və Avstriyadan ümumilikdə 5 minə yaxın polis əməkdaşı cəlb olunub.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 13–15 fevral tarixlərində keçirilir.
Aysel Mətləb
tag: Münxen,Təhlükəsizlik,Konfrans,Aksiya,Todaypress.tv,
