Misirdə 10 min illik arxeoloji sahə aşkarlandı
Dünya
14.02.2026 20:45
Misirin Sina yarımadasında yerləşən Umm İraq platosunda 10 min illik tarixə malik arxeoloji sahə aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uzunluğu təxminən 100 metr olan nəhəng təbii qaya sığınacağında tarix öncəsi dövrlərə aid qırmızı piqmentlə çəkilmiş heyvan fiqurları və müxtəlif simvollar üzə çıxarılıb. Eyni zamanda, sonrakı dövrlərə aid Nəbati və ərəb dillərində kitabələr də aşkar olunub.
Mütəxəssislərin fikrincə, tapıntı ərazinin minilliklər boyunca müxtəlif sivilizasiyalar tərəfindən fasiləsiz şəkildə sığınacaq kimi istifadə edildiyini göstərir. Sığınacaqda aşkarlanan qədim ocaq qalıqları və daş arakəsmələr buranın uzun müddət insan icmaları üçün təhlükəsiz məkan olduğunu təsdiqləyir.
Rəsmilər bu kəşfin Misirin qədim tarix xəritəsinə əlavə olunan mühüm halqalardan biri olduğunu və ərazinin faktiki olaraq təbii muzey xarakteri daşıdığını vurğulayıblar.
Aysel Mətləb
tag: Misir,Arxeoloji,Qədim,Sahə,Todaypress.tv,
