“Mir” sülh kanalıdır, yoxsa Kremlin təbliğat ruporu?

“Mir” sülh kanalıdır, yoxsa Kremlin təbliğat ruporu?
16.11.2026 14:14 Dünya

“Mir” telekanalının adının “İmperiya” olması daha doğru olardı. Çünki MDB-nin birgə kanalı adı altında Rusiya təbliğatının necə aparıldığı ilə bağlı ciddi suallar mövcuddur.

“Mir” sözü “sülh”, “dünya” mənasını versə də, kanalın efirində sülhdən və dünyadan daha çox Çar Rusiyası, Bolşevik inqilabı, SSRİ, “Böyük Vətən Müharibəsi”, rus generalları, rus qəhrəmanları və rus bayrağı təbliğ olunur.

TodayPress TV xəbər verir ki, bu fikirlər Şöhrət El-Dənizin “Mir” telekanalının fəaliyyəti və onun MDB məkanında ideoloji təsiri ilə bağlı qələmə aldığı yazıda yer alıb.

“Məncə, “Mir” MDB-nin yox, MDB-yə Rusiyanın mövqeyini göstərən kanaldır. Mir 1992-ci ildə yaradılıb. Rəsmi məqsədi MDB ölkələri arasında dostluq, mədəni mübadilə, birgə informasiya məkanı təşkil etməkdir. Əslində isə kanalın baş ofisi, maliyyəsi, redaksiya siyasəti Moskvada, dil isə əsasən rus dilindədir. MDB-nin 9 ölkəsi var. Amma Mirdə 9 ölkənin səsi eşidilmir. Eşidilən bir səs var, o da Rusiyanın səsidir. Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Ermənistanın, Qırğızıstanın, Tacikistanın, Belarusun, Moldovanın, Türkmənistanın tarixi, mədəniyyəti, qəhrəmanları Mirdə yox dərəcəsindədir.

Onlar da yalnız Rusiya tarixinin fonunda görünürlər. Yəni biz sizi xilas etdik, biz sizi mədəniyyətə gətirdik, biz sizi faşizmdən qurtardıq fonunda. Bu, birgə kanal deyil. Bu, bir mərkəzdən idarə olunan imperiya kanalıdır. “Mir”in efirində hər gün üç nağıl təbliğ olunur. Çar Rusiyası böyük və ədalətli bir imperiya olub. Filmlərdə Çar Rusiyası elə göstərilir ki, elə bil o, xalqları işğal etməyib, “birləşdirib”.

Qafqazı işğal edən rus generalları “qəhrəman”, onlara qarşı vuruşan Şeyx Şamil, Cavad xan, azərbaycanlı, qazax, özbək milli qəhrəmanları isə “quldur”, “üsyankar”, “vəhşi” olublar. Elə bil 1804-1828-ci illərdə Rusiya Azərbaycan xanlıqlarını silah gücünə işğal etməyib. Gəncə qətliamı, Lənkəran qətliamı, Bakının işğalı, bunların heç biri “Mir”də yoxdur. “Mir”də bir təbliğat var, guya Rusiya Qafqaza sülh gətirib.

İkinci nağıl Bolşevik inqilabının xalqlara azadlıq verməsi barədədir. Bütün günü təqdim etdikləri filmlərdə 1917-ci il Bolşevik inqilabı “xalqların azadlığı” kimi göstərilir. Amma Bolşeviklərin 1918-1920-ci illərdə keçmiş imperiyanın xalqlarını yenidən işğal etdiyini, Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci ilin 28 aprelində XI Qırmızı Ordu tərəfindən işğal etdiyini, Ermənistanda, Gürcüstanda, Orta Asiyada eyni ssenarinin təkrarlandığı barədə bir kadra rast gələ bilməzsiniz. Və ən əsası, Bolşeviklərin bunu təkbaşına etmədiyi, onlara yerli xəyanətkar bolşeviklərin kömək etdiyi xüsusi vurğulanır. Həmin yerli bolşeviklərin milli qüvvələrə qarşı soyqırım apardığı, Azərbaycanın istiqlalçılarını, ziyalılarını, hərbçilərini güllələdiyi, Sibirə sürgün olunduğu barədə heç bir məlumat verilmir. “Mir”də yalnız Lenin xalqları necə azad etdi təbliğatı var. 3-cü nağıl isə İkinci Dünya Müharibəsi barədədir.

Təbliğat odur ki, İkinci Dünya Müharibəsində dünyanı guya yalnız ruslar xilas edib.

Düzdür, SSRİ faşizmə qarşı müharibədə böyük itkilər verdi. Bunu heç kim inkar etmir. Amma “Mir”də elə göstərilir ki, sanki müharibədə təkcə ruslar vuruşub. Sanki azərbaycanlılar, qazaxlar, özbəklər, ukraynalılar, belaruslar, gürcülər, ermənilər, taciklər, qırğızlar, türkmənlər, moldovalılar vuruşmayıb.

Sanki Bakı nefti olmadan Sovet tankları işləyərdi. Sanki Azərbaycanın 700 min əsgəri olmadan cəbhə dayanardı. Sanki Qazaxıstanın taxılı, Özbəkistanın pambığı olmadan SSRİ yaşayardı.

“Mir”də Azərbaycanın qəhrəmanları Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Əliyağa Şıxlinskinin adı belə çəkilmir. Amma hər gün rus generalları təbliğ olunur. Bu, tarixin qəsdən ruslaşdırılmasıdır. Bu, bütün MDB xalqlarının qələbəsini bir xalqın qələbəsinə çevirməkdir. Ola bilər, kimsə desin ki, bu, sadəcə köhnə filmlərdir, nə təhlükəsi var? Amma təhlükə böyükdür. Çünki “Mir”də göstərilən filmlər köhnə deyil, onlar bu günün siyasətinin ideoloji əsasıdır. Əgər sən 30 ildir yeni nəslə, gənclərə deyirsənsə ki, səni Rusiya yaradıb, səni Rusiya xilas edib, sənsiz Rusiya olmayıb, Rusiyasız sən yoxsan, onda həmin gənclərə öz tarixini necə sevdirəcəksən?

Əgər sən azərbaycanlı uşağa “Mir”də göstərirsənsə ki, Azərbaycanın tarixi 1920-ci ildə başlayır, Azərbaycan Xalq Cümhuriyyəti olmayıb, Azərbaycanın müstəqilliyi hədiyyədir, onda həmin uşaq sabah müstəqilliyini necə qoruyacaq?

Əgər sən qazax uşağına deyirsənsə ki, Qazaxıstanı Rusiya yaratdı, onda həmin uşaq sabah Qazaxıstanı necə qoruyacaq?

“Mir”in təhlükəsi məhz budur. O, silahla yox, filmlə işğal edir. O, tankla yox, serialla beyinləri işğal edir. O, MDB ölkələrinin gənc nəslinə siz müstəqil deyilsiniz, siz Rusiyanın bir hissəsisiniz mesajını verir.

Ona görə ən böyük sual budur ki, əgər “Mir” Rusiya təbliğat kanalıdırsa, niyə MDB ölkələri onu hələ də öz ərazisində yayımlayır? Çünki heç kim onu bağlamaq istəmir. Görünür, MDB-dən çıxırıq kimi görünməkdən çəkinirlər. O cümlədən “Mir” pulsuz kontent verir. Kiçik ölkələrin televiziyaları öz filmini çəkə bilmir, “Mir”in pulsuz rus filmlərini göstərir. Ucuz kontent bahalı müstəqillikdən daha asan görünür.

Bəzi ölkələr isə “Mir”i bağlasa, Moskvanın reaksiyasından qorxur. Moskva deyəcək ki, siz rusdilli əhalinin hüququnu pozursunuz, siz rusofobsunuz.

Amma bu qorxu özü də “Mir”in uğurudur. Çünki “Mir” 30 ildir MDB ölkələrinə öyrədib ki, Moskvadan qorxmaq lazımdır.

Həll “Mir”i qadağan etmək deyil. Həll öz alternativimizi yaratmaqdır.

Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan – Türk dünyası artıq özünün birgə bu cür televiziya kanalını yarada bilər. Öz tarixini özü danışa bilər. Öz qəhrəmanlarını özü göstərə bilər.

Ona görə MDB ölkələri iki yolun birini seçməlidir: Ya “Mir”in göstərdiyi yalançı tarixlə yaşamaq, ya da öz tarixini özü yazmaq.

Zəhra Məmmədova


XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər