Məktəbdə bıçaqlı hücum: Müəllim ağır yaralandı

Dünya

12.01.2026 14:00

Kiyevin Obolon rayonunda yerləşən məktəblərdən birində 14 yaşlı şagird müəllimə və sinif yoldaşına bıçaqla hücum edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məhkəməyəqədər istintaqa başlayıblar.

TodayPress TV xəbər verir ki, müstəntiqlərin məlumatına görə, doqquzuncu sinif şagirdi səhər saatlarında tarix müəlliminə və yaşıdına hücum edib.

Hücumdan əvvəl o, saniariya qovşağında maska və dəbilqə taxaraq hazırlaşıb, daha sonra sinif otağına daxil olub. Hadisədən sonra şagird qaçaraq gizlənib və özünə də bıçaq xəsarəti yetirib.

Nəticədə müəllim və iki yeniyetmə xəstəxanaya yerləşdirilib. Müəllimin vəziyyətinin ağır olduğu bildirilir. Digər şagird və hücumu törədən yeniyetmə də müxtəlif bıçaq və kəsici xəsarətlər alıb.

Polis hadisə ilə bağlı iki və ya daha çox şəxsi öldürməyə cəhd maddəsi üzrə araşdırma aparır. İlkin məlumata görə, hücumçunun mobil telefonunda naməlum şəxslərlə yazışmalar aşkarlanıb və bu şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Hazırda hücumun motivləri araşdırılır.

Hadisə ilə bağlı istintaq davam edir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Məktəb,Müəllim,Hücum,Todaypress.tv,