Maduro və xanımı ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib
Dünya
29.03.2026 12:20
ABŞ-nin federal təcridxanalarından birində saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edildikdən sonra ilk dəfə xalqa müraciət ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Nikolas Maduronun "X" hesabında paylaşım edilib.
Maduro və həyat yoldaşı həmvətənlərinə onlara göstərdikləri dəstəyə görə təşəkkürlərini bildiriblər.
"Məktublarınız və dualarınız bizə çatıb. Hər bir sevgi kəlməsi, qayğı jesti və dəstək ifadəsi ruhumuzu oxşayır və bizi mənəvi cəhətdən daha da gücləndirir",- müraciətdə bildirilib.
Cütlük öz həmvətənlərini ölkədə sülhü qorumağa, milli birliyi möhkəmləndirməyə, barışıq və həmrəyliyə çağırıb: "Heç kim dinc yanaşı yaşama və qarşılıqlı hörmət yolundan yayınmamalıdır. Çünki bu, vətənin və xeyirxahlığın yoludur".
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə hücum edib. Əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və xanımı Siliya Flores ələ keçirilərək ABŞ-yə aparılıblar. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə çıxarılıblar.
Məhkəmə cütlüyə qarşı narkotik ticarətində iştirak ittihamı irəli sürüb. Maduro və xanımı özlərini təqsirli bilməyiblər.
tag: Venesuela,Nikolas Maduro,Siliya Flores,Müraciət,Todaypress.tv,
