Luvr muzeyi bağlandı

Dünya

12.01.2026 18:30

Luvr muzeyinin işçiləri rəhbərliklə fikir ayrılıqlarına görə yenidən tətilə başlayıblar. Bu səbəbdən muzey 12 yanvarda ziyarətçilər üçün açıq olmayacaq.

TodayPress TV xəbər verir ki, muzeyin rəsmi saytının məlumatına görə, həmin gün üçün bilet alan ziyarətçilərin ödənişləri avtomatik olaraq geri qaytarılacaq.

Bunun üçün əlavə müraciətə ehtiyac yoxdur.

Tətilin davam etdirilməsi qərarı 12 yanvar səhəri muzeyin aparıcı həmkarlar ittifaqları tərəfindən qəbul edilib. Onlar Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi ilə aparılan danışıqlarda irəliləyişi qeyri-qənaətbəxş hesab ediblər.

Bu, Luvr işçilərinin artıq səkkizinci tətilidir. İşçilər iş şəraitinin yaxşılaşdırılmasını, idarəetmə üsullarının dəyişdirilməsini və muzey rəhbərliyinin hazırkı siyasətinə yenidən baxılmasını tələb edirlər. Çərşənbə axşamları da bağlı olan muzeyin ən azı 14 yanvara qədər ziyarətçiləri qəbul etməyəcəyi bildirilir.

İşçilər işçi çatışmazlığı, texniki problemlər, artan iş yükü və sərt idarəetmə metodlarından narazıdırlar. Həmkarlar ittifaqları dəyişikliklərə nail olmaq üçün rəhbərliyə təzyiqi davam etdirmək niyyətində olduqlarını açıqlayıblar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Luvr,Muzey,Tətil,Fransa,Todaypress.tv,