İsrail sərhədində gərginlik: ABŞ “Hizbullah”ın tərksilahı üçün Livana dəstək verməyə hazırdır

Dünya

10.11.2025 11:09

ABŞ nümayəndələri ilə Livan Prezidenti Cozef Aun arasında keçirilən görüşdən sonra Vaşinqtonun ölkədə vəziyyəti sabitləşdirmək üçün İranın dəstəklədiyi "Hizbullah" da daxil olmaqla silahlı qrupların tərksilah edilməsində Livana dəstək verməyə hazır olduğu bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, ABŞ 2025-ci ilin avqust ayında elan edilmiş və "Hizbullah"ın müqaviməti səbəbindən hələ də irəliləməmiş silahlı qrupların tərksilah edilməsi planını həyata keçirmək üçün Livan ordusuna dəstək verməyə hazırdır. Dəstək silahlı birləşmələrin fəaliyyətinin dayandırılmasına və ölkənin bütün ərazisi üzərində dövlət nəzarətinin bərpasına yönəlib. Yardımın konkret formaları hələ açıqlanmayıb.

2024-cü ilin sonunda İsrail və "Hizbullah" arasında iki aylıq müharibənin sona çatmasından sonra yanvar ayında vəzifəsinin icrasına başlayan Cozef Aun Livana davamlı hücumlarını dayandırması üçün İsrailə təzyiq göstərməyin vacibliyini vurğulayıb.

O bildirib ki, Livan qoşunlarının cənub sərhədində yerləşdirilə və tərksilah planını həyata keçirməsi üçün İsrail razılaşmanın şərtlərinə tam əməl etməlidir.

Aysel Mətləb

TodayPress TV 

tag: ABŞ,Livan,israil,Hizbullah,Todaypress.tv,