İrlandiyada Amerika təyyarəsinə zərər verən şəxs saxlanıldı

Dünya

11.04.2026 21:40

İrlandiya polisi ölkənin qərb hissəsindəki Şennon hava limanında ABŞ hərbi nəqliyyat təyyarəsinə zərər vuran bir kişini saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Irish Examiner" qəzeti polisin açıqlamasına istinadən məlumat yayıb.

"11 aprel 2026-cı il, şənbə günü bir kişi Kler qraflığının Şennon hava limanında qadağan olunmuş əraziyə daxil olub. Təxminən 40 yaşlarında olan kişi polis əməkdaşları tərəfindən cinayət tərkibli zərər vurma şübhəsi ilə həbs edilib və hazırda həbsdədir. İstintaq davam edir”, - deyə polis əməkdaşı bildirib.

Qəzetin məlumatına görə, həmin şəxs ucqar bir yerdə park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-130 Hercules” təyyarəsinin qanadına çıxıb. Saxlanılmadan əvvəl o, təyyarənin gövdəsinə bir neçə dəfə, ehtimal ki, balta ilə zərbə endirməyi bacarıb.

Hadisə ilə əlaqədar olaraq hava limanı bütün gələn və gedən reysləri qısa müddətə dayandırıb.

Aysel Mətləb

TodayPress TV

tag: İrlandiya,Amerika,Təyyarə,Zərər,TodayPress TV,