İran nüvə silahı niyyətini bir daha təkzib etdi

Dünya

23.02.2026 23:50

“İran nüvə silahı əldə etmək niyyətində deyil və bu istiqamətdə heç bir planı yoxdur”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi BMT-nin Cenevrə ofisində keçirilən Silahsızlanma Konfransında bildirib. 

Onun sözlərinə görə, İranın nüvə proqramını hərbi məqsədlərlə inkişaf etdirdiyinə dair iddialar həqiqəti əks etdirmir. Qəribabadi vurğulayıb ki, ölkəsi həm dini, həm də mədəni baxımdan kütləvi qırğın silahlarını qəbul etmir. 

Nazir müavini bəzi dövlətlərin nüvə silahını təhlükəsizlik doktrinasının bir hissəsi kimi qiymətləndirdiyini, bunun isə onların beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini qeyd edib və nüvə silahlarının bəşəriyyət üçün ciddi təhlükə yaratdığını deyib. 

Qəribabadi nüvə silahına malik bütün dövlətləri arsenallarını ləğv etməyə çağırıb və Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsini qlobal silahsızlanma və yayılmanın qarşısının alınması sisteminin əsas sütunu kimi dəyərləndirib. 

O, Cenevrədə davam edən İran-ABŞ danışıqlarına toxunaraq bildirib ki, proses qarşılıqlı dialoq əsasında yeni imkan yaradır və beynəlxalq hüquq normalarına uyğun, təzyiqdən kənar şəkildə aparılmalıdır. 

Aysel Mətləb

TodayPress TV

tag: İran,Nüvə,Sİlahı,Təkzib,Todaypress.tv,