İran ABŞ-ni BMT-yə "şikayət etdi"
İran xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə, Təhlükəsizlik Şurasının sədrinə və BMT-yə üzv ölkələrə məktub göndərib.
TodayPress TV xəbər verir ki, məktubda ABŞ-nin İrana qarşı yeni iqtisadi sanksiyaları “iqtisadi terrorizm əməliyyatı” adlandırılıb.
Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Əraqçi məktubunda ABŞ-nin ikinci dərəcəli sanksiyalar və maliyyə sistemindən xaric edilmə təhdidi ilə müstəqil ölkələri İranla qanuni iqtisadi əlaqələrini dayandırmağa məcbur etdiyini bildirib. Həmçinin bu tətbiqlərin BMT Nizamnaməsində əks olunan suveren bərabərlik və dövlətlərin iqtisadi siyasətlərini sərbəst şəkildə müəyyən etmək prinsiplərinə zidd olduğunu ifadə edib.
ABŞ-nin sözügedən tətbiqlərinin mülki şəxsləri qida, dərman, tibbi avadanlıq və enerji kimi əsas ehtiyaclara çıxışdan məhrum etməklə “kollektiv cəzalandırma” anlamına gəldiyini bildirən Əraqçi, BMT-dən və üzv ölkələrdən ABŞ-nin birtərəfli sanksiyalarını və ikinci dərəcəli sanksiya təhdidlərini pisləmələrini istəyib.
Əraqçi, həmçinin Quterreşdən iqtisadi sanksiyaların humanitar və insan hüquqları üzərindəki təsirlərini qiymətləndirmək və sənədləşdirmək məqsədilə iş aparmasını tələb edib.
Aysel Mətləb