İndoneziyada təyyarə qəzasının bütün qurbanları tapıldı

Dünya

23.01.2026 10:10

Cənubi Sulavesi əyalətində baş verən təyyarə qəzasının bütün qurbanlarının cəsədləri hadisədən bir həftə sonra aşkar edilib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatına görə, xilasedicilər ötən həftəsonu radardan itən təyyarədə olan 10 nəfərin hamısının cəsədini tapıblar.

Agentlik axtarış-xilasetmə əməliyyatı zamanı təyyarədə olan bütün insanların cəsədlərinin aşkarlandığını rəsmi şəkildə təsdiqləyib.

Hazırda İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi qəzanın səbəblərini araşdırır. Mütəxəssislər qəza yerində tapılan “qara qutu”dan əldə olunan məlumatların təhlilinə artıq başlayıblar.

Məlumata görə, İndoneziya Hava Nəqliyyatına məxsus ATR 42-500 tipli turbovintli təyyarə yanvarın 17-də Maros bölgəsi üzərində uçuş zamanı hava hərəkətinin idarə edilməsi ilə əlaqəni itirib. Təyyarənin göyərtəsində yeddi heyət üzvü və üç sərnişin olub.

Yanvarın 18-də xilasedicilər təyyarənin qalıqlarını Bulusaraung dağının zirvəsində aşkarlayıblar. Bildirilir ki, güclü külək və sıx duman səbəbindən təxliyə işləri xeyli çətinləşib.

Qeyd edək ki, bundan əvvəl Liviyanın yüksək rütbəli hərbi rəhbərliyini daşıyan təyyarə də Türkiyədə qəzaya uğramışdı. 

Jalə Rövşən 

TodayPress TV

tag: İndoneziya ,Təyyarə ,Qurban ,Qəza,Todaypress.tv,