Husilərdən genişmiqyaslı hücum: 10 rayon nəzarətə götürüldü - DETALLAR
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri ölkənin cənub-qərbində və cənubunda yerləşən Təiz və Ləhic əyalətlərinin 10 rayonuna genişmiqyaslı hərbi əməliyyat zamanı nəzarəti ələ keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə "Telegram" kanalında məlumat yayıb.
“Ümumi sahəsi 7,1 min kvadratkilometr olan Təiz və Ləhic əyalətlərinin 10 rayonu zərərsizləşdirilib”, – deyə Səriə bəyan edib.
Onun sözlərinə görə, əməliyyat zamanı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası qüvvələrinin 12 hərbi diviziyası darmadağın edilib, yüzlərlə zirehli texnika məhv edilib və ələ keçirilib, həmçinin çoxlu sayda silah və sursat qənimət götürülüb. Bundan əlavə, üsyançılar “təcavüz dayandırılana və mühasirə götürülənə qədər” Səudiyyə Ərəbistanındakı hədəflərə hücumları davam etdirəcəkləri ilə hədələyiblər.
Aysel Mətləb