Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu
Hörmüz boğazının açılması İran və Oman arasında aparılan danışıqlardan deyil, Vaşinqtonun Tehran tərəfindən irəli sürülən şərtləri qəbul edib-etməyəcəyindən asılıdır.
TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhebbi “Tasnim”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı “sadəcə iqtisadi marşrut deyil, İranın müdafiə və suverenlik siyasətinə uyğun istifadə olunan mühüm geosiyasi potensialdır”.
Möhebbi bildirib ki, boğazın nə vaxt və hansı qaydada açılacağı birbaşa ABŞ-nin İranın şərtlərini nə dərəcədə qəbul etməsindən asılı olacaq.
SEPAH nümayəndəsi əlavə edib ki, ABŞ İranın Oman və digər regional ölkələrlə apardığı danışıqlara müdaxilə etməkdən tamamilə çəkinməlidir. Onun sözlərinə görə, danışıqlar yekun mərhələdədir.
“ABŞ İran İslam Respublikasının şərtlərini qəbul edən və müdaxiləçi yanaşmasından imtina edən kimi boğazın açılması üçün şərait yaranacaq”, - deyə Möhebbi vurğulayıb.
Kübra Musayeva