Hindistan Rusiya neftinə alternativ tapdı

Dünya

23.01.2026 16:35

Hindistan Rusiya neftinə  əvəzedici olaraq  Braziliya, Anqola və Birləşmiş Ərəb Əmirliklərindən  neft tədarük edib. 

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki,  Hindistanın ən böyük neft və qaz korporasiyası olan Indian Oil Rusiya neftindən imtina etmək məqsədilə BƏƏ, Braziliya və Anqoladakı şirkətlərdən ümumilikdə 7 milyon barel xam neft alıb. 

Məlumata əsasən, Indian Oil BƏƏ-li treyder Mercuria şirkətindən 1 milyon barel Murban və 2 milyon barel Upper Zakum markalı xam neft əldə edib. Exxon şirkəti Anqoladan əlavə olaraq 1 milyon barel Hungo və Clove xam neftinin tədarükünü həyata keçirib. Hindistan, həmçinin Braziliyanın Petrobras şirkətindən dəyəri açıqlanmayan opsion müqaviləsi çərçivəsində 2 milyon barel neft alıb.

"Reuters"in qeyd etdiyi kimi, Hindistanın neft emalı zavodları ABŞ ilə tariflərin azaldılmasını nəzərdə tutan ticarət razılaşması əldə etmək məqsədilə Rusiya neftinin idxalını minimuma endirməyə çalışır. 2025-ci ilin avqust ayında Vaşinqton Rusiya neftinin idxalı səbəbindən Hindistan mallarına əlavə 25 faiz tarif tətbiq edərək ümumi tarif dərəcəsini 50 faizə çatdırıb.

Xatırladaq ki, OPEC daha əvvəl Rusiyada neft hasilatının gündəlik 73 min barel azaldığını bildirmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Hindistan ,Rusiya ,Neft ,BƏƏ,Todaypress.tv,