Gənclər arasında virtual qumar – psixoloqlar xəbərdarlıq edir

Dünya

28.11.2025 18:45

Rəngli və əyləncəli görünən bəzi mobil oyunlar əslində mərc mexanizmlərinə əsaslandığı üçün gənclərdə virtual qumar asılılığı yaradır.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bunu klinik psixoloq Sedef Koç Bal deyib.

Onun sözlərinə görə, bu oyunlar beyində dopamin ifrazını artırır, “zövq” hissini gücləndirir və nəticədə həm uzun müddət oyun oynamağa, həm də real pul xərcləməyə səbəb olur.

Mütəxəssis vurğulayıb ki, gəncləri bu cür oyunlara cəlb edən əsas amillər qazanma–uduzma həyəcanı və həmyaşıdlar arasında populyarlıqdır. “İtkilər artdıqca ‘itirdiklərimi geri qaytarmalıyam’ düşüncəsi yaranır və asılılıq dərinləşir”, – o deyib.

Sedef Koç Bal ailələri xəbərdar edərək qeyd edib ki, nəzarətsiz pul xərcləməsi, dərslərdə geriləmə, evdən və sosial fəaliyyətlərdən uzaqlaşma, əsəbilik və gizlədilən oyun davranışları təhlükə əlamətləridir. Onun sözlərinə görə, asılılıq yarananda uşaqlar həm yalan danışmağa başlayır, həm də real həyatdan uzaqlaşırlar.

Psixoloq sonda əlavə edib ki, belə hallarda valideynlər vaxtı deyil, davranışdakı dəyişiklikləri izləməli və ehtiyac yaranarsa peşəkar dəstəyə müraciət etməlidirlər.

Jalə Rövşən

TodayPress TV

tag: Mobil oyunlar,Qumar ,Gənc ,Asılılıq,Todaypress.tv,