Fransada iki körpənin ölümündən sonra Bacillus cereus bakteriyası riski ilə bağlı Nestlé və Lactalis şirkətlərinə məxsus bəzi körpə qidaları geri çağırılıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki bunu Fransa Səhiyyə naziri Stefani Rist BFMTV-yə bildirib.
Onun sözlərinə görə, Bacillus cereus bakteriyası ilə çirklənmiş ola biləcək körpə qidası partiyaları artıq rəflərdən yığışdırılıb.
Bununla belə, nazirlik valideynlərə son dərəcə diqqətli olmağı və artıq aldıqları hər hansı bir paketin geri çağırılan partiyalara daxil olub-olmadığını yoxlamağı tövsiyə edir.
"Franceinfo" məlumatına görə, Nestlé südünün istehlakından sonra ilk körpə ölümü dekabrın sonlarında Fransanın qərbindəki Anje şəhərində baş verib.
Lakin bu iş üzrə istintaq yalnız yanvarın 22-də elan olunub. Yanvarın əvvəlində Bordo şəhərinin ətrafında başqa bir körpə ölüb. Bundan əlavə, Nestlé məhsullarından istifadə edən çoxsaylı uşaqlarda ağır zəhərlənmə halları qeydə alınıb və bir çoxu xəstəxanaya yerləşdirilib.
Nestlé yanvarın 5-də Guigoz və Nidal körpə qida qarışığının geri çağırıldığını açıqlayıb.
İsveçrə istehsalçısının baş direktoru Philip Navratil istehlakçılara bildirib ki, körpə zəhərlənməsi ilə qida qarışığının istifadəsi arasında əlaqə hələ sübut olunmayıb və kütləvi geri çağırılma ehtiyat tədbiri xarakteri daşıyır.
Yanvarın 21-də Fransa istehsalçısı Lactalis də körpə qida qarışığının könüllü olaraq geri çağırıldığını elan edib.
Jalə Rövşən
