Fransa ordusu Ukraynada nə edir? - Döyüşdə iştirak etmirlər, amma...
Fransanın fəaliyyətdə olan hərbi qulluqçuları Ukrayna ərazisindədir, lakin onlar döyüş əməliyyatlarında iştirak etmirlər.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin yanında nazir-deleqat Alis Rüfo bəyan edib.
O qeyd edib ki, Paris artıq uzun müddətdir Ukraynaya artilleriya, döyüş aviasiyası, hava hücumundan və raketdən müdafiə vasitələri tədarük edir, həmçinin uzun illərdir bu ölkənin hərbi qulluqçularının Fransada və Polşada hazırlığı ilə məşğul olur.
“Bu kontekstdə, bəli, həqiqətən də, Ukraynada müdafiə məsələləri üzrə missiya ilə sıx əməkdaşlıq edən koordinasiya strukturu mövcuddur. Bu, zərurət yarandıqca məqsədyönlü təlim tədbirlərinin keçirilməsinə, eləcə də texnikaya texniki xidmət göstərilməsinə və onun təmirinə imkan verir”, – deyə Rüfo bildirib.
Nazir-deleqat onların sayının “olduqca məhdud” olduğunu və döyüş əməliyyatlarında iştirak etmək niyyətlərinin olmadığını iddia edir:
“Söhbət müharibə çərçivəsində hərbi müdaxilədən və Fransa Konstitusiyasının 35-ci maddəsində təsvir olunan münaqişədə birbaşa iştirakdan getmir. Bu qüvvələr cəbhə xəttindən çox uzaq məsafədə, döyüş əməliyyatlarında heç bir birbaşa iştirak olmadan fəaliyyət göstərirlər”.
Aysel Mətləb