Fransa ABŞ səfirini XİN-ə çağırır

Dünya

22.02.2026 21:18

Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransada ABŞ səfiri Çarlz Kuşneri ifrat sağçı fəalın ölümü ilə bağlı səsləndirilən bəyanatlara görə nazirliyə çağıracağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

“Biz Fransada ABŞ səfirini çağırırıq, çünki səfirlik bu hadisə ilə bağlı milli ictimaiyyətə aid şərh yayıb. Bu məsələyə hər hansı müdaxiləni rədd edirik”, – deyə Barro bildirib.

ABŞ-nin Fransadakı səfirliyi fevralın 20-də ABŞ Dövlət Departamentinin terrorla mübarizə bürosunun bəyanatını dərc edib. Həmin bəyanatda 23 yaşlı tələbə Kventin Derankın “sol meyilli döyüşçülər tərəfindən öldürüldüyü” iddia olunub.

Fransa mediasının yazdığına görə, Derank fevralın 12-də Lion şəhərində dava zamanı ağır kəllə-beyin travması alıb və iki gün sonra vəfat edib. Onun ölümü ABŞ rəhbərliyi tərəfindən tənqidi reaksiyaya səbəb olub.

Fevralın 21-də Lionda Derankın xatirəsinə mitinqlər keçirilib. “France Inter”in məlumatına görə, hazırkı mərhələdə yeddi nəfərə ittiham irəli sürülüb, o cümlədən “Tabe Olmayan Fransa” (LFI) sol partiyasının deputatı Rafael Arnonun iki tərəfdarına.

Qiymət Mahir

tag: Fransa,ABŞ,Derank ,Jan-Noel Barro,TodayPress TV,