Fon der Lyayen: “Avropa öz təhlükəsizliyinə özü cavabdeh olmalıdır”

Dünya

14.02.2026 21:15

"Onilliklər ərzində müdafiə məsələlərində ABŞ-yə arxalanan Avropa İttifaqı (Aİ) indi məsuliyyəti öz üzərinə götürməlidir".

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bəyan edib.

Aİ sədri vurğulayıb ki, Avropa kosmik sahə, kəşfiyyat və uzaqmənzilli zərbə imkanları daxil olmaqla strateji vasitələri inkişaf etdirməlidir. Fon der Lyayenin sözlərinə görə, Avropanın təhlükəsizliyi hər zaman prioritet vəzifə kimi qəbul edilməyib, lakin bu yanaşma artıq köklü şəkildə dəyişib.

Ursula fon der Lyayen xüsusilə Aİ müqaviləsinin 42.7-ci maddəsində nəzərdə tutulan qarşılıqlı müdafiə bəndinin tətbiqinə diqqət çəkib və bildirib ki, bu mexanizmi reallaşdırmağın vaxtı çatıb.

Qeyd edək ki, həmin maddəyə əsasən, Aİ-yə üzv ölkə silahlı təcavüzə məruz qalarsa, digər üzv dövlətlər ona mövcud olan bütün vasitələrlə yardım və dəstək göstərməyə borcludur. Bu yardım mütləq hərbi xarakter daşımaya bilər və siyasi, humanitar və ya maliyyə dəstəyi formasında da təqdim oluna bilər.

Aysel Mətləb

TodayPress TV

tag: Fon der Lyayen,Avropa,Komissiya,İttifaq,Todaypress.tv,