Ermənistanda İran imzası ilə yeni zavod tikilə bilər

Ermənistanda İran imzası ilə yeni zavod tikilə bilər
17.11.2026 20:11 Dünya

İran Ermənistanda neft emalı zavodu tikməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə İranın neft naziri Həmid Bəvərd noyabrın 17-də Tehranda Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyanla görüşündə bildirib.

Nazir qeyd edib ki, İran bu layihənin həyata keçirilməsi üçün texniki və mühəndislik imkanlarını səfərbər etməyə hazırdır. Onun sözlərinə görə, tərəflər İranın özəl şirkətlərinin zavodun tikintisində iştirakı ilə bağlı məhsuldar danışıqlar aparıblar.

Bəvərd İranın Ermənistanla enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin İrandan Ermənistana mayeləşdirilmiş neft qazının məhdudiyyətsiz tədarükünə və bunun üçün zəruri infrastrukturun yaradılmasına dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Ermənistan İrandan təbii qazı elektrik enerjisi müqabilində alır. Razılaşmaya əsasən, Ermənistanın İrana ötürdüyü hər 3 kilovat-saat elektrik enerjisi qarşılığında 1 kubmetr qaz verilir. Bu mexanizm çərçivəsində Ermənistana ildə təxminən 476 milyon kubmetr qaz tədarük olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər