Dənizin ortasında 8 futbol meydanı boyda ada tikirlər – Amma heç kim yaşamayacaq

Dənizin ortasında 8 futbol meydanı boyda ada tikirlər – Amma heç kim yaşamayacaq
12.09.2026 02:56 Dünya

Belçika sahillərindən 45 kilometr aralıda, Şimal dənizinin ortasında nəhəng süni enerji adası inşa edilir. Təxminən səkkiz futbol meydanı böyüklüyündə olacaq ada gələcəkdə dəniz külək elektrik stansiyalarında istehsal olunan enerjinin toplanması və materikə ötürülməsi üçün istifadə ediləcək.

TodayPress TV xəbər verir ki, “The Times of India”nın yazdığına görə, “Şahzadə Elizabet Enerji Adası” adlanan layihə Belçikanın elektrik şəbəkəsi operatoru Elia tərəfindən həyata keçirilir. Tikinti işlərini isə “DEME” və “Jan De Nul” şirkətlərinin yaratdığı TM Edison konsorsiumu aparır.

Ada 23 nəhəng beton kessondan inşa olunur. Hər bir blokun çəkisi təxminən 22 min ton, uzunluğu 58 metr, eni 28 metr, hündürlüyü isə konfiqurasiyadan asılı olaraq 23-32 metrdir.

Kessonlar Niderlandın Vlissingen limanında hazırlanıb. 2026-cı ilin yanvarında sonuncu blokun istehsalı tamamlanaraq suya buraxılıb. Daha sonra bloklar dənizdə quraşdırılmadan əvvəl əlavə hazırlıq işləri üçün Scaldia terminalına daşınır.

Bloklar birbaşa dənizə batırılmayacaq. Onlar qismən suya salınmış vəziyyətdə yedəklənərək quraşdırılma ərazisinə aparılacaq. Burada xüsusi gəmilər və dibqazanlar əvvəlcədən qaya təməl üzərində bünövrə hazırlayacaq. Kessonlar yerinə yerləşdirildikdən sonra qumla doldurularaq möhkəmləndiriləcək.

Layihənin tam quraşdırılmasının təxminən iki il davam edəcəyi bildirilir. İşlər qış aylarında Şimal dənizində müşahidə olunan güclü fırtınalar səbəbindən fasilələrlə aparılacaq. Bir kessonun limandan çıxarılmasından tam şəkildə yerinə bərkidilməsinə qədər prosesin təxminən 24 saat çəkəcəyi qeyd olunur.

Süni ada insanların yaşayışı üçün nəzərdə tutulmayıb. Əsas məqsəd dəniz külək stansiyalarından əldə ediləcək elektrik enerjisini bir mərkəzdə toplamaq və sualtı kabellərlə materikə ötürməkdir.

Ada Belçikanın “Şahzadə Elizabet zonası” adlanan 285 kvadratkilometrlik dəniz ərazisində qurulacaq yeni külək elektrik stansiyalarını enerji şəbəkəsinə birləşdirəcək. Bu ərazidə ümumilikdə 3,5 QVt-a qədər dəniz külək enerjisi istehsalı nəzərdə tutulur.

Layihənin əsas xüsusiyyətlərindən biri isə yüksək gərginlikli dəyişən və sabit cərəyan sistemlərinin eyni enerji qovşağında birləşdirilməsidir. Bu səbəbdən ada Avropanın gələcək enerji infrastrukturunda mühüm paylama mərkəzlərindən biri kimi qiymətləndirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər