Çad Sudanla sərhədi bağladı
Dünya
23.02.2026 17:10
Çad hökuməti respublika ərazisinə “təkrarlanan müdaxilələr” səbəbindən Sudanla sərhədi tam bağladığını açıqlayıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, qərar Sudan münaqişəsində iştirak edən qüvvələrin Çad sərhədlərini dəfələrlə pozmasından sonra qəbul edilib. Sudanla bütün sərhəd-keçid məntəqələri bağlanıb, malların daşınması dayandırılıb. Rəsmi qurumların məlumatına görə, tədbir mümkün qarşıdurmaların qarşısını almaq, yerli əhalinin təhlükəsizliyini təmin etmək və ölkənin ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır.
Çad hakimiyyəti daha əvvəl də Sudan silahlı qruplarının ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün bəzi nəzarət-buraxılış məntəqələrini bağlamışdı. Bu addım Sudan ordusu ilə Sürətli Müdaxilə Qüvvələri (SQQ) arasında davam edən silahlı qarşıdurma fonunda, xüsusilə Şimali və Qərbi Darfur bölgələrində gərginliyin artması ilə əlaqələndirilir.
Hökumət həmçinin bəyan edib ki, Çad ölkəyə qarşı istənilən təcavüzə cavab vermək niyyətindədir.
Qeyd edək ki, fevralın 21-də yerli media Sürətli Müdaxilə Qüvvələri silahlılarının Tina şəhərində Çad ordusunun düşərgəsinə hücum etdiyini bildirib. Hücum nəticəsində bir neçə hərbçi həlak olub, hərbi texnika məhv edilib.
Jalə Rövşən
tag: Çad,Sudan,Sərhəd ,Təhlükəsizlik ,Todaypress.tv,
