Bütün cəbhəboyu: Rusiya işğal gücləri irəliləməyə başladı
Dünya
23.04.2026 22:26
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov “Cənub” Qoşun Qrupunun komanda məntəqəsinə baş çəkib.
TodayPress TV xəbər verir ki, burada o, qrupun komandanı general-polkovnik Sergey Medvedyevdən Luqanskdakı məsuliyyət zonasında mövcud vəziyyət barədə məruzələri qəbul edib.
"Mart və aprel aylarında Rusiya qoşunları 34 yaşayış məntəqəsini və təxminən 700 kvadratkilometr ərazini azad edib. Ümumilikdə, bu ilin əvvəlindən bəri 80 yaşayış məntəqəsi və 1700 kvadratkilometrdən çox ərazi nəzarətimizə keçib. Luqansk Xalq Respublikasının azad edilməsi tamamilə başa çatıb. Hazırda Birləşmiş Qoşun Qrupu bütün istiqamətlərdə hücumdadır", - deyə Gerasimov bildirib.
Qeyd edək ki, cəbhədəki əsas istiqamətlər üzrə vəziyyət belədir:
Slavyansk-Kramatorsk-Konstantinovka: Ayrı-ayrı qruplar bu möhkəmləndirilmiş ərazi yaxınlığında hücum hərəkətləri həyata keçirirlər.
"Şimal" Qoşun Qrupu: Eyni vaxtda bir neçə istiqamətdə irəliləyərək Ukraynanın Sumı və Xarkov vilayətlərinin ərazisində təhlükəsizlik qurşağı yaratmağa davam edir.
"Qərb" Qoşun Qrupu: Öz məsuliyyət zonasında geniş cəbhə boyu hücumu davam etdirir.
"Mərkəz" Qoşun Qrupu: Dnepropetrovsk vilayətində təhlükəsizlik qurşağı yaratmağa davam edir.
"Şərq" Qoşun Qrupu: Təşəbbüsü qətiyyətlə əldə saxlayır və Zaporojye vilayətinin şərq hissəsində qərb istiqamətinə doğru aktiv şəkildə irəliləyir.
"Dnepr" Qoşun Qrupu: Düşmən bölmələrinə itkilər yetirir və Zaporojye istiqamətində hücum əməliyyatları keçirir.
Aysel Mətləb
tag: Rusiya ,Valeri Gerasimov,Ukrayna,Qoşun,TodayPress TV,
