Braziliya Meksika səfirliyinin idarəçiliyini öz üzərinə götürdü

Dünya

26.01.2026 10:35

Braziliyanın Xarici İşlər Nazirliyi Meksika Prezidenti Klaudiya Şeynbaum tərəfindən sığınacaq verilən perulu siyasətçi ilə bağlı diplomatik fikir ayrılığından sonra Meksikanın Perudakı diplomatik maraqlarını öz üzərinə götürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlik Meksika hökumətinin tələbini Peru hökumətinin razılığı ilə yerinə yetirdiyini bildirib və əlavə edib ki, Meksika səfirliyinin binası, missiya rəhbərinin iqamətgahı, aktivləri və sənədləri qorunacaq.

Xatırladaq ki, Peru üsyan ittihamı ilə 11 ildən çox həbs cəzasına məhkum edilmiş keçmiş Baş nazir Betsi Çavesə sığınacaq verməsinə etiraz olaraq Meksika ilə diplomatik əlaqələri kəsib.

Peru Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Braziliya yerli hakimiyyət orqanları ilə razılaşdırdıqdan sonra Meksika səfirliyinin idarəçiliyini öz üzərinə götürüb.

Həmçinin Braziliya Xarici İşlər Nazirliyinin iki rəsmisi “Associated Press” agentliyinə ölkə bayrağının Limadakı binanın üzərində dalğalandığını təsdiqləyib.

Aysel Mətləb

TodayPress TV

tag: Braziliya,Meksika,Peru,Səfirlik,Todaypress.tv,