Avropada qiymətlər niyə bu qədər bahalaşdı?
Avropa İttifaqında illik inflyasiya oktyabr ayında 4 faizə yüksələrək son üç ilin ən yüksək səviyyəsinə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) açıqladığı yekun məlumatlarda bildirilir. Göstəricilər əvvəlki ilkin qiymətləndirmə ilə eyni olub.
“Euronews”un məlumatına görə, qiymət artımı ən çox İtaliyada qeydə alınıb. Almaniyada isə ümumi göstərici üzrə vahid tendensiya müşahidə edilməyib. Ən kəskin bahalaşma enerji daşıyıcılarının qiymətlərində olub. Bu sahədə artım 20,8 faiz təşkil edib.
Mənzil kirayəsi, restoran, istirahət və sığorta xərclərini əhatə edən xidmətlər sektorunda inflyasiya 3,2 faizdən 3,3 faizə yüksəlib. Nəşrin məlumatına görə, bu xərclər avropalıların ümumi istehlak xərclərinin təxminən yarısını təşkil etdiyindən, hətta cüzi qiymət dəyişiklikləri də ümumi inflyasiya göstəricisinə təsir edir.
Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri də 1,6 faiz artıb. Təzə meyvə, tərəvəz və ət məhsulları üzrə inflyasiya isə 4 faizdən 4,6 faizə yüksəlib.
“Euronews” qeyd edir ki, bu göstəricilər enerji qiymətlərindəki kəskin artımın artıq supermarketlərdəki məhsulların qiymətlərinə də təsir etdiyini göstərir.
Avrozonada noyabr ayı üzrə inflyasiyanın ilkin göstəricilərinin dekabrın 1-də açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyada da inflyasiyanın son bir ilin ən yüksək səviyyəsinə çatdığı bildirilmişdi.
Qiymət Mahir