Avropa Rusiyaya qarşı öz nüvə çətirini müzakirə edir
Dünya
14.02.2026 11:15
ABŞ ilə münasibətlərin pisləşməsi fonunda Avropa Rusiyaya qarşı nüvə çəkindirmə strategiyasını yenidən nəzərdən keçirir və öz “nüvə çətiri”nin yaradılması imkanlarını araşdırır.
TodayPress TV xəbər verir ki bu haqda "Bloomberg"məlumat yayıb.
Nəşrin məlumatına görə, bu müzakirələr ABŞ-nin 2025-ci ilin martında Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşımını qısa müddətə dayandırmasından sonra intensivləşib. Bildirilir ki, Vaşinqtonun etibarlı tərəfdaş olub-olmaması ilə bağlı suallar yaranıb və Avropada alternativ təhlükəsizlik mexanizmlərinə ehtiyac müzakirə olunur.
Məqalədə qeyd olunur ki, Soyuq müharibədən sonra ilk dəfə olaraq Avropa ölkələri öz nüvə çəkindirmə potensiallarının inkişaf perspektivlərini açıq şəkildə müzakirə edirlər.
Hazırda Avropada nüvə silahına malik iki ölkə (Birləşmiş Krallıq və Fransa) var. Böyük Britaniyanın ABŞ-dən texniki baxımdan asılı olduğu, Fransanın isə döyüş başlıqlarını müstəqil istehsal etmək imkanına sahib olduğu vurğulanır.
Fransanın bu sahədə Almaniya ilə əməkdaşlıq niyyətində olduğu bildirilir. Almaniya kansleri Fridrix Merts 13 fevralda "Munich Security Conference" çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə Avropa nüvə çəkindirməsi mövzusunda danışıqlara başlandığını açıqlayıb.
Yanvarda NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqının ABŞ-nin nüvə çətiri olmadan özünü müdafiə imkanlarının məhdud olduğunu bildirib.
Eyni zamanda, "Berliner Zeitung" yaxın perspektivdə vahid Avropa nüvə silahının yaradılmasını real hesab etməyib.
Jalə Rövşən
tag: Almaniya ,Avropa ,Rusiya ,Nüvə ,Todaypress.tv,
