Avropa İttifaqı səkkiz rusiyalıya sanksiya tətbiq etdi
Dünya
23.02.2026 17:27
Avropa İttifaqı Rusiyanın İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxmaq qərarını pisləyib və səkkiz Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, sanksiya siyahısına həbsxana əməkdaşları və hakimlər də daxildir.
Rəsmi açıqlamaya əsasən, məhdudiyyətlər üç cəzaçəkmə müəssisəsinin rəhbərini, bir istintaq təcridxanasının rəisini, iki hakimi, bir prokuroru və bir baş müstəntiqi əhatə edir.
Aİ bəyan edib ki, Rusiya hakimiyyətinin bu qərarı “ölkənin insan hüquqlarının qorunmasına etinasızlığını açıq şəkildə nümayiş etdirir”. Brüssel həmçinin Rusiyada insan hüquqlarının pozulmasını və repressiyaları qətiyyətlə pislədiyini vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayının sonunda Rusiya Prezidenti Vladimir Putin İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasının ölkə ərazisində artıq tətbiq olunmadığını təsdiqləyən qanunu imzalayıb. İzahat məktubunda qeyd olunub ki, Rusiya 2023-cü ildən etibarən müvafiq Avropa Komitəsində təmsil olunmur və komitə ilə bağlı müraciətlər rədd edilib.
Xatırladaq ki, ötən il Aİ, həmçinin Rusiya Silahlı Qüvvələri barədə “yalan məlumat yaymaqda” ittiham edilən keçmiş Moskva bələdiyyə deputatı Aleksey Qorinov barədə qərar çıxaran beş rusiyalı hakimə qarşı da sanksiyalar tətbiq etmişdi. Aİ həmin işi siyasi motivli hesab etdiyini bildirmişdi.
Jalə Rövşən
tag: Avropa İttifaqı ,Rusiyalı,Sanksiya ,Vladimir Putin ,Todaypress.tv,
