Asiya Kubokunda Azərbaycan millisinin bütün cüdoçuları medal qazandı - FOTO
İordaniyanın paytaxtı Ammanda keçirilən gənclər arasında cüdo üzrə Asiya Kubokunda Azərbaycanın bütün təmsilçiləri mükafatçılar sırasına düşüblər.
TodayPress TV xəbər verir ki, yarışda beş idmançı ilə təmsil olunan yığmamız ilk gündə iki qızıl, iki gümüş və bir bürünc medal qazanıb.
Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) gümüş medala sahib çıxıblar. Çinarə Sadıqova (52 kq) isə turniri bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan millisi ilk yarış gününün yekununda qızların komanda hesabında birinci, ümumi komanda sıralamasında isə ikinci yeri tutub.
Noyabrın 1-dək davam edəcək beynəlxalq turnirdə 19 ölkədən 121 cüdoçu iştirak edir.
