Almaniyanın artan hərbi gücü Fransada köhnə qorxuları yenidən alovlandırır
Dünya
13.01.2026 12:46
Almaniyanın müdafiə xərclərini sürətlə artırması Fransada ciddi narahatlıq doğurur; Parisdə bəzi dairələr Avropanın siyasi ağırlıq mərkəzinin şərqə doğru sürüşdüyünü və Berlinin müdafiəyə ayırdığı vəsaitlə müttəfiqlərini geridə qoyduğunu düşünür.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" yazırb.
Nəşrə görə, Fransa Almaniyanın yenidən silahlanmasına böyük diqqətlə yanaşır və bunu qitədə onilliklər boyu qorunmuş güc balansının pozulması kimi qiymətləndirənlər var. Berlin isə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etdiyini bildirir.
Almaniya 2029-cu ilədək müdafiəyə 500 milyard avrodan çox vəsait ayırmağı və Alyansın hərbi xərclərin ÜDM-in 3,5%-i səviyyəsinə çatdırılması hədəfinə altı il daha tez nail olmağı planlaşdırır. NATO Berlinin artan hərbi potensialını alqışlasa da, bəzi Avropa paytaxtlarında Bundeswehr-in yenidən dominant gücə çevrilməsi ehtiyatla qarşılanır; xüsusən də Almaniyada ifrat sağçı millətçi partiyanın rekord yüksək reytinqləri fonunda.
Fransada isə ziddiyyətli ab-hava hökm sürür. Bir tərəfdən Almaniyanın müdafiə sahəsində daha çox məsuliyyət götürməsi rahatlıq yaradır. Digər tərəfdən, Paris Berlinin nəhəng maliyyə imkanları hesabına Almaniya sənayesinin Fransa müdafiə sektorunu üstələyəcəyindən ehtiyatlanır. Adının çəkilməsini istəməyən dörd fransız rəsmi, Almaniyanın artan hərbi gücü və bunun gətirdiyi siyasi kapitalla bağlı ümumi narahatlıq hissinin mövcud olduğunu bildirir. Avropa Parlamentinin fransız deputatı François-Xavier Bellamy deyir ki, Fransa həssas vəziyyətdədir və Almaniyanın bu qədər qətiyyətlə öhdəlik götürməsi Parisin kənarda qalması riskini artırır.
Marşall Fondunda baş vitse-prezident olan Claudia Major isə xatırladır ki, əvvəl Avropada geniş yayılmış təsəvvürə görə Fransa geosiyasi, Almaniya isə iqtisadi güc idi. Onun sözlərinə görə, Almaniya indi hər iki rolu eyni vaxtda üzərinə götürür və Avropada yeni güc mövqeyini möhkəmləndirməyə çalışır; bu isə Fransada gərginliyi artırır.
Qiymət Mahir
tag: Fransa,Claudia Major ,Avropa,Paris ,Todaypress.tv,
