Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı

Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı
07.08.2026 23:27 Dünya

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Mexernix şəhərində yerləşən Bundesver obyektinin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Sueddeutsche Zeitung" məxfi polis hesabatına istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, özəl mühafizə şirkətinin əməkdaşları 6-7 avqust tarixlərində altı dron uçuşunu qeydə alaraq dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları da qısa müddət ərzində ərazi üzərində dövrə vuran iri dron müşahidə ediblər.

Hərbi polis həmin pilotsuz aparatın qanad açıqlığı 3,8 metrə çatan "Fly-380 VTOL" modeli ola biləcəyini ehtimal edir. Bildirilir ki, bu model saatda 150 kilometrədək sürət yığa və təxminən 400 kilometr məsafə qət edə bilir.

PUA-ların kim tərəfindən idarə olunduğu hələlik məlum deyil. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları topoqrafik ölçmələr kimi adi tapşırıqları yerinə yetirən mülki dronun gecə saatlarında təsadüfən hərbi bazanın üzərindən uçması ehtimalını istisna edirlər.

Faktla bağlı hərbi obyekt üzərində qanunsuz müşahidə aparılması şübhəsi ilə cinayət işi açılıb. Araşdırmalara Almaniyanın Hərbi Əks-Kəşfiyyat Xidməti və Berlində yerləşən Birgə Dronlara Qarşı Mübarizə Mərkəzi cəlb olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər