"Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat

"Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat
07.08.2026 23:07 Dünya

ABŞ Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evdə bal zalının tikintisi üzrə irimiqyaslı layihəsinin icrasının dayandırılması barədə qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Məhkəmənin qərarında bildirilir ki, hər bir prezident Ağ Evin mülkiyyətçisi deyil, yalnız müvəqqəti sakinidir. Qərarda qeyd olunur ki, prezidentin bu obyektlə bağlı belə dəyişikliklər etmək üçün Konstitusiya ilə təsbit olunmuş səlahiyyətləri yoxdur.

Bundan əlavə, məhkəmənin qərarında göstərilib ki, ABŞ Konqresi Tramp administrasiyasına konkret prezidentin istəklərinə uyğun olaraq Ağ Evin görünüşünün köklü şəkildə dəyişdirilməsi, yenidən planlaşdırılması və qurulması ilə bağlı məhdudiyyətsiz səlahiyyətlər verməyib.

Bununla belə, məhkəmə Trampa ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti vermək imkanı yaratmaq üçün qərarının icrasını iki həftə müddətinə təxirə salıb.

Xatırladaq ki, bu ilin fevralında Tramp xüsusi komissiyanın onun Ağ Evdə yeni bal zalının tikintisi planına yaşıl işıq yandırdığını bildirmişdi. Daha əvvəl zalın tikintisi üçün Ağ Evin şərq qanadının sökülməsinə başlanılmışdı. Bu, Amerika ictimaiyyətində kəskin reaksiyaya səbəb olmuşdu.

Uzun illər ərzində Ağ Evin şərq qanadında birinci xanımın ofisi yerləşib. Bu ənənənin əsası 1933-1945-ci illərdə ABŞ Prezidenti vəzifəsini tutmuş Franklin Delano Ruzveltin həyat yoldaşı Eleonora Ruzvelt tərəfindən qoyulub.

Tramp şərq qanadının yerində min nəfərədək qonaq qəbul edə biləcək bal zalı tikməyi planlaşdırır. Zalın sahəsi təxminən 8,3 min kvadratmetr təşkil edəcək və Ağ Evin əsas binasından təxminən iki dəfə böyük olacaq.



XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər