Açıqlandı: Rusiya 2028-ə qədər Baltik ölkələrinə girəcək
Latviyanın hərbi rəisi, general Kaspars Pudans Rusiyanın yaxın illərdə Baltikyanı ölkələrə qarşı təhdid yaratmaq üçün "fürsət pəncərəsindən" istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Generalın sözlərinə görə, Rusiyanın əsas üstünlüyü qabaqcıl texnologiyalar deyil, pilotsuz uçuş aparatlarını böyük həcmdə istehsal etmək və onları NATO ölkələrindən daha sürətli təkmilləşdirmək qabiliyyətidir.
Estoniyada ötən ay keçirilən hərbi təlimlər zamanı britaniyalı komandirlər yüksək intensivlikli müharibə şəraitində dron ehtiyatlarının bir həftədən az müddətdə tükənə biləcəyini qiymətləndiriblər.
Pudans bildirib ki, Rusiya hazırda Ukraynadakı müharibə səbəbindən genişmiqyaslı yeni işğal əməliyyatı aparacaq qüvvələrə malik deyil. Lakin onun fikrincə, müharibə başa çatdıqdan sonra vəziyyət qısa müddətdə dəyişə bilər.
"Biz hər gün hansısa formada təcavüzün baş verə biləcəyi ehtimalını nəzərə alaraq yaşayırıq", – deyə general vurğulayıb.
Türkan İsgəndərli