ABŞ patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat apardı

Dünya

09.02.2026 04:48

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi İran yaxınlığındakı Fars körfəzində kəşfiyyat uçuşu həyata keçirib.

TodayPress TV xəbər verir ki, "Flightradar24"ün məlumatına görə, ABŞ-yə məxsus "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İran yaxınlığında yerləşən Fars körfəzi üzərində uçub.

Məlumata əsasən, təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb və bir neçə saat ərzində Bəhreynin şimalı, mərkəzi Fars körfəzi ərazisindəki beynəlxalq sular üzərindən uçaraq Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edib.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə Fars körfəzində sahil döyüş gəmisi USS Santa Barbara və A-10 Thunderbolt II hücum təyyarəsinin iştirakı ilə təlimlər keçirildiyini açıqlamışdı.

Bildirilirdi ki, bu manevrlər yerüstü artilleriya bacarıqlarının artırılmasına xidmət edib, həmçinin regionda birgə hava və dəniz inteqrasiyasını, döyüş hazırlığını və çəkindirmə potensialını gücləndirib.

Qeyd edək ki, İran daha əvvəl müharibə riski olsa belə, uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyini bəyan edib.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,ABŞ ,ABŞ Hərbi Dəniz Qüvvələri,"Flightradar24",Todaypress.tv,