ABŞ İranla savaşda vaxtı keçmiş silahlara əl atdı
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı keçirilən “Epic Fury” əməliyyatı zamanı istifadə müddəti bitmiş sursatların yenidən kodlaşdırılaraq istifadəyə verildiyini açıqlayıb.
TodayPress TV “Clash Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti katibi Hunq Kao noyabrın 17-də Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Kao qeyd edib ki, əməliyyat zamanı istifadə olunan sursatların bir hissəsi “Echo” və “Foxtrot” kodları ilə işarələnib. ABŞ Müdafiə Logistika Agentliyinin təlimatına əsasən, bu kodlar istifadəyə yararsız hesab edilən, lakin məhdud bərpa və ya təmir imkanları olan hərbi təchizata aid edilir.
“Epic Fury” əməliyyatında istifadə etdikləri sursatların bir hissəsini yenidən kodlaşdırmağa nail olduqlarını deyən Kao, bununla vaxtı keçmiş sursatlardan istifadə edə bildiklərini vurğulayıb. O, bu prosesi ailəsinin maddi vəziyyətini xatırladaraq çörəyin üzərinə su səpib mikrodalğalı sobada qızdırmaqla yenidən istifadə etməyə bənzədib.
“Business Insider”in məlumatına görə, Kao hansı silahların yenidən kodlaşdırıldığını və onlardan neçəsinin istifadə edildiyini açıqlamayıb. “The Wall Street Journal” isə söhbətin, əsasən, ehtiyat çatışmazlığı səbəbindən istifadə edilən vaxtı keçmiş “Tomahawk” qanadlı raketlərindən getdiyini yazıb.
ABŞ rəsmisinin açıqlaması ölkənin hərbi sursat ehtiyatları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Kao bildirib ki, Hərbi Dəniz Qüvvələri “Tomahawk” raketlərinin istehsalını artırır. Onun sözlərinə görə, əvvəllər ildə təxminən 125 raket istehsal olunurdusa, hazırda bu göstərici ayda 60-dan xeyli çoxdur. “SM-6” raketlərinin istehsalının artırılması istiqamətində də iş aparılır.
Sentyabrda yayımlanan Pentaqonun baş müfəttiş hesabatında İranla müharibə zamanı sursat sərfiyyatının strateji ehtiyatlarda çatışmazlıq yaratdığı və hərbi sənaye kompleksinin tədarük imkanlarında problemləri üzə çıxardığı qeyd olunub.
Kao müharibənin ABŞ Hərbi Dəniz Qüvvələrinin resurslarına ciddi təzyiq göstərdiyini də etiraf edib. Dinləmələrdə ABŞ senatoru Cek Rid uzun illərdən sonra ilk dəfə ölkənin Sakit okeanda irəli mövqedə yerləşdirilmiş təyyarədaşıyan gəmisinin olmadığını bildirib.
Kao isə İranın dəniz daşımalarına qarşı blokadada iştirak edən 17 esminesin yükünü azaltmaq üçün pilotsuz suüstü gəmilərin hazırlanmasının sürətləndirildiyini deyib.
Qeyd edək ki, İranla müharibə ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli yerləşdirilmə imkanlarına da təsir edib. “USS George H.W. Bush” təyyarədaşıyan gəmisinin ekipaj ailələrinə gəminin 12 ayadək davam edə biləcək səfərə hazırlaşması barədə məlumat verilib.
Jalə Rövşən