ABŞ Hərbi Dəniz Qüvvələri yeni nəsil freqatlardan imtina etdi
Dünya
28.11.2025 11:20
ABŞ Hərbi Dəniz Qüvvələri "Constellation" tipli yeni nəsil freqatların tikintisini dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TWZ" nəşri məlumat yayıb.
Pentaqonun açıqlamasına görə, layihənin bağlanması ilə azad olunan vəsait daha yüngül döyüş gəmilərinin tikintisinə yönəldiləcək.
Gəmiqayırma şirkəti "Fincantieri" bildirib ki, artıq tikintisi başlayan iki "Constellation" freqatı tamamlanacaq, lakin planlaşdırılan daha dörd gəminin inşası ləğv edilib.
Məlumata əsasən, "Constellation" layihəsi Fransanın və İtaliyanın "FREMM" tipli çoxməqsədli freqatları əsasında hazırlanmışdı. Lakin ABŞ-nin tələblərinə əsasən edilən geniş dəyişikliklər layihənin ciddi gecikməsinə və büdcə xərclərinin artmasına səbəb olub.
Xatırladaq ki, "Constellation" tipli ilk freqatın tikintisinə 2022-ci ilin avqustunda ABŞ-nin Viskonsin ştatındakı "Fincantieri Marinette Marine" gəmiqayırma zavodunda başlanıb. Gəminin 2026-cı ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, bu tip freqatların əsas vəzifələri sualtı qayıqlara və hava hədəflərinə qarşı müdafiədir.
Aysel Mətləb
tag: ABŞ,Freqat,İmtina,Qərar,Todaypress.tv,
