ABŞ bəzi gömrük rüsumlarını dayandıracaq
Dünya
23.02.2026 11:38
ABŞ hakimiyyəti 24 fevral tarixindən etibarən müəyyən mallara tətbiq olunan əlavə rüsumları dayandıracaq.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.
Məlumatda deyilir: “Aşağıdakı İcra Sərəncamları ilə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində tətbiq edilmiş rüsumlar, bütün düzəliş və dəyişikliklər nəzərə alınmaqla, 24 fevral 2026-cı il tarixində Şərq vaxtı ilə saat 00:00-dan etibarən istehlak üçün idxal edilən və ya istehlak məqsədilə anbardan buraxılan mallara şamil edilməyəcək və artıq tətbiq olunmayacaq”.
Siyahıya, digər sənədlərlə yanaşı, 6 avqust 2025-ci il tarixli “Rusiya Federasiyası hökuməti tərəfindən ABŞ-yə qarşı təhdidlərin qarşısının alınması tədbirləri haqqında” prezident fərmanı da daxildir. Həmin fərman çərçivəsində ötən ilin avqustunda Rusiya neftinin alınmasına görə Hindistana 25 faiz əlavə rüsum tətbiq edilmişdi.
Bundan əlavə, aşağıdakı tariflərin tətbiqi də dayandırılır:
– şimal sərhədindən qanunsuz narkotik qaçaqmalçılığına qarşı mübarizə məqsədilə tətbiq olunan rüsumlar;
– cənub sərhədindəki problemlərlə bağlı tədbirlər çərçivəsində tətbiq edilən tariflər;
– Çindən gələn opioid tədarük zəncirləri ilə mübarizəyə yönəlmiş rüsumlar;
– Venesueladan neft idxal edən ölkələrə qarşı tətbiq edilən tariflər;
– idxalı tənzimləmək məqsədilə, eləcə də Braziliya tərəfindən “təhdidlər”lə əlaqədar Braziliyaya qarşı tətbiq edilən rüsumlar.
Bununla yanaşı, digər rüsumlar qüvvədə qalır. "Reuters"in qeyd etdiyi kimi, dərc olunmuş siyahıya əvvəllər ABŞ Ali Məhkəməsi tərəfindən qanunsuz hesab edilən bəzi rüsumlar da daxildir.
Qeyd edək ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) çərçivəsində digər ölkələrə qarşı idxal tarifləri tətbiq etmək səlahiyyətini həddindən artıq genişləndirdiyinə qərar verib. Bununla belə, məhkəmə daha əvvəl tariflər üzrə ödənilmiş vəsaitlərin geri qaytarılıb-qaytarılmaması məsələsinə aydınlıq gətirməyib.
Xatırladaq ki, fevralın 21-də Vaşinqton administrasiyası ABŞ-yə idxal olunan məhsullara tətbiq edilən qlobal tariflərin 10 faizdən 15 faizə qaldırıldığını elan edib.
Jalə Rövşən
tag: ABŞ,Rüsum ,ABŞ Gömrük və Sərhəd Mühafizəsi ,Məhkəmə ,Todaypress.tv,
