Vüqar Bayramov: “Kirayə vergisinin 10 faizə endirilməsi kifayət deyil”

Cəmiyyət

13.11.2025 16:10

“Fiziki şəxslərin kirayədən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi dərəcəsinin azaldılması ilə bağlı yeni təkliflər Milli Məclisdə geniş müzakirəyə çıxarılıb. Dəyişiklik layihəsinə əsasən, 2026-cı ildən kirayə müqaviləsi əsasında gəlir əldə edənlər 14 faiz deyil, 10 faiz vergi ödəyəcəklər”.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, 10 faizlik yeni dərəcə müəyyən irəliləyiş sayılsa da, kirayə bazarının tam rəsmiləşdirilməsi üçün kifayət etmir:

“Kirayə müqavilələrinin rəsmiləşdirilməsini genişləndirmək üçün vergi dərəcəsinin daha kəskin şəkildə azaldılmasına ehtiyac var. Hazırkı müşahidələr göstərir ki, bu sahədən büdcəyə daxilolmalar çox aşağıdır və əsas səbəblərdən biri yüksək vergi yüküdür. Daha aşağı vergi tətbiqi həm bazarı ağardacaq, həm də büdcəyə daxilolmaları artıracaq”.

Vüqar Bayramov beynəlxalq təcrübənin də daha aşağı vergi modelinin effektivliyini təsdiqlədiyini qeyd edib:

“Moskva şəhərində fiziki şəxslər kirayə gəlirlərindən cəmi 4 faiz vergi ödəyirlər. Gürcüstanda bu rəqəm 5 faizdir. Avstriyada isə aylıq gəlirin 1500 avrodan az olduğu hallarda vergi dərəcəsi 5,76 faiz təşkil edir. Bu nümunələrlə müqayisədə Bakıda 10 faiz kifayət qədər yüksək görünür”.

Parlamentari bildirib ki, Milli Məclisin komitə iclasında kirayə vergisinin daha kəskin şəkildə — 14 faizdən 5 faizə endirilməsi ilə bağlı təklif irəli sürüb:

“Belə bir dəyişiklik nə fiskal gəlirlərə mənfi təsir göstərər, nə də dövlət büdcəsində açıq yaratmış olar. Əksinə, rəsmiləşmə səviyyəsi yüksələr və büdcəyə daxilolmalar daha da artar”.

Qiymət Mahir

TodayPress TV 

tag: Kirayə,Gəlir,Müqavilə,Vüqar Bayramov,Todaypress.tv,