“TikTok” və sosial şəbəkələr: Gənclərin diqqətini cəlb edən videolar niyə zərərlidir?
Cəmiyyət
13.11.2025 16:40
Son günlər sosial şəbəkələr, xüsusilə “TikTok”un təsiri yenidən gündəmə gəlib. Platformada qeyri-etik davranış və ifadələr sərgiləyən “məşhur” tiktokerlərin polis tərəfindən saxlanılması bu məsələnin aktuallığını göstərir.
Psixoloq Nabat Mirzəyeva TodayPress TV-yə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videoların zərərli olub-olmaması istifadəçinin platformadan necə yararlanmasından asılıdır.

Onun sözlərinə görə, əsas məsələ kim bu sosial şəbəkəni hansı tərəfdən istifadə edir.
"Burada əxlaqi və psixoloji dəyərlərə təsir edən videolar da var. Alqoritm vasitəsilə izlədiyimiz videolara uyğun paylaşımlar qarşımıza çıxır. Valideynlər uşaqlarına telefonu verərkən nəzarət etməlidir ki, onlar uyğun məzmunla tanış olsun".
Psixoloq əlavə edib ki, bu cür zərərli məzmun paylaşanların çoxu uşaqlıq dövründə mənəvi travmalar yaşamış şəxslərdir:
"Ailədaxili münaqişələr, emosional şiddət, valideyn diqqətinin yetərsiz olması uşaqlarda şüuraltı aqressiya və diqqət cəlb etmək ehtiyacı yaradır. Bu səbəbdən gənclər bəzən müsbət əvəzinə mənfi davranışları sərgiləyərək sosial şəbəkələrdə diqqət mərkəzində olmağa çalışırlar".
Ekspert vurğulayıb ki, sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əvəzinə, gənclərin bu platformalardan müsbət şəkildə istifadə etməsi öyrədilməlidir:
"Gec olmadan, uşaqları və gəncləri mütəxəssisə yönləndirmək lazımdır. Əgər onların potensialı varsa, bunu maarifləndirici və faydalı yönəltmək vacibdir. "TikTok"da həmçinin təhsil, sağlam həyat və maarifləndirici videolar da mövcuddur. Əsas məqsəd onları düzgün istiqamətə yönəltməkdir".
Türkan İsgəndərli
tag: Tik-tok,Uşaq,Sosial media,Psixologiya,Todaypress.tv,
