Süleyman Mikayılov növbəti səyyar görüşü keçirdi

Cəmiyyət

22.11.2025 03:56

21 noyabr 2025-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ələt qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirib.

TodayPress TV xəbər verir ki, görüşdə Ələt qəsəbəsinin müxtəlif küçə və məhəllələrində yaşayan sakinlərlə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər. Bu, sakinlərin qaldırdığı məsələlərin operativ şəkildə müzakirəsi və həlli üçün əlverişli şərait yaradıb.

Səyyar qəbulda ümumilikdə 70-ə yaxın qəsəbə sakini iştirak edib. Onlardan 12 nəfəri fərdi qaydada Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib. Sakinlərin müraciətləri əsasən qəsəbənin kommunal təsərrüfatı, infrastruktur problemləri, məşğulluq və sosial məsələlər, həmçinin məişət xarakterli müraciətlərlə bağlı olub.

Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, bəzi müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.

Qəbuldan sonra icra başçısı qəsəbənin müxtəlif ərazilərinə baxış keçirib, mövcud problemlərin operativ həlli ilə bağlı müvafiq göstərişlər verib. Səyyar qəbul və görüşlərin keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa təmas qurmaq, onların müraciətlərinə çevik reaksiya vermək və yerli idarəçiliyin effektivliyini daha da artırmaqdır.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən mütəmadi olaraq müxtəlif qəsəbə və yaşayış məntəqələrində sakinlərlə səyyar görüşlər keçirilir. Bu görüşlərin əsas məqsədi əhalinin problemlərinin yerində öyrənilməsi, onların həllinə operativ yanaşma və sakinlərlə dövlət qurumları arasında birbaşa ünsiyyətin təmin olunmasıdır.

TodayPress TV

tag: İcra, Qaaradağ, Başçı, Görüş, todaypress.tv,