Sərdar Cəlaloğlu: “Xocalı soyqırımı xalqı qorxutmadı”
Cəmiyyət
26.02.2026 13:43
“Xocalı soyqırımını törədən qüvvələr öz məqsədlərinə nail ola bilmədilər”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Xocalı faciəsinin 34-cü ildönümündə “Ana harayı” abidəsini ziyarət edərkən deyib.
“Xocalı soyqırımını törədənlər düşünürdülər ki, Azərbaycan xalqının gözünü qorxudacaq, bizi milli azadlıq hərəkatından yayındıracaq və rusun köləliyini yenidən qəbul etdirməyə nail olacaqlar. Ermənilər də bu fürsətdən istifadə etdilər. Öz etiraflarına görə, bu cinayəti törətməkdə məqsədləri azərbaycanlıları Qarabağdan imtina etməyə sövq etmək olub”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, hadisələrin gedişatı onların planlaşdırdığı kimi olmayıb:
“Əksinə oldu. Azərbaycanlılar torpaqlarımız azad edilənə qədər mübarizəni davam etdirdi, ruhdan düşmədi. Nə qədər ki, xalqımız var, bu faciələri unutmamalıyıq. Çünki bir xalq öz tarixindəki faciələri unudarsa, onu yenidən yaşamağa məhkumdur.
Çalışmalıyıq ki, xüsusilə gənc nəsil bu hadisələrin mahiyyətini anlasın, daim 20 Yanvar faciəsini, Xocalı soyqırımını xatırlasın və arxasında kimlərin dayandığını, düşmənlərimizin kim olduğunu yaxşı bilsin”.
Qiymət Mahir
tag: Sərdar Cəlaloğlu,Xocalı soyqırımı,Sədr,Partiya,Todaypress.tv,
