"O, haqqımızı yeyib" - Nazirlik ilə gənclər arasında nə baş verir? – VİDEO
Cəmiyyət
10.12.2025 12:22
2014-cü ildən bəri intellektual oyunların aktiv iştirakçısı olan jurnalist Adil Nəhmətli Azərbaycanda intellektual oyunlar sahəsində fəaliyyət göstərən gənclərin son aylarda problemlərlə üzləşdiyini iddia edir.
O, bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, gənclər illərdir müxtəlif ensiklopedik bilgilərə sahib komandalarda birləşərək turnirlər təşkil edir, ölkə miqyasında keçirilən yarışlarda iştirak edirlər.
Bu tədbirlərin çoxu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutur. Lakin son dövrlərdə bu sahədə süni maneələr yaradılır:
"Bu müddət ərzində aktiv fəaliyyət göstərdiyim Xəzər İntellektual Gənclər Klubunun hazırkı sədri Azad Manaflı tərəfindən haqqımız kəsildi. Bu vəziyyət bizə ciddi zərbə vurdu və nəticədə klubdan ayrılmağa qərar verdim. Azad Manaflıya da bildirdim ki, bu cür davranışlar narazılıqlara səbəb olacaq.
Gənclər bilik mübadiləsini sərbəst və maneəsiz mühitdə həyata keçirmək istəyirlər. Heç bir təzyiqin olmadığı şəffaf şəraitdə intellektual sahədə müəyyən qazanc əldə edən insanlar var və bu, tamamilə mümkündür. Bizim isə böyük qazanc gözləntimiz olmayıb. Əsas məqsədimiz tədbirlərin təşkili ilə yanaşı öz biliklərimizi inkişaf etdirməkdir, yoxsa oradan böyük gəlir götürmək niyyətimiz yoxdur".
Müsahibimiz iddia edir ki, indiki rəhbərlik intellektual oyunlardan uzaq olduğu üçün gənclərin maraqlarını qorumur və bu da fikir ayrılıqlarını dərinləşdirir. Onun sözlərinə görə, bununla yanaşı, Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı onların təşkil etdiyi turnirlərin keçirildiyi məkanlara məktublar göndərərək iştirakçılar barəsində əsassız ittihamlar səsləndirib:
"Son dövrlərdə əsas tələbimiz klubun sədrinin dəyişdirilməsi idi. Bildiyiniz kimi, klubun bir neçə təsisçisi var və biz bu məsələni onlarla görüşlərdə dəfələrlə qaldırmışıq. Lakin hələlik heç bir nəticə əldə olunmayıb.
Son zamanlar Azad Manaflı təşkil etdiyimiz turnirlərə, universitetlərdə və digər məkanlarda keçirdiyimiz tədbirlərə məktublar göndərərək haqqımızda əsassız iddialar irəli sürür. O, bizi separatçılıqda, oğru aləmini təbliğ etməkdə və digər əsası olmayan fəaliyyətlərdə ittiham edir.
Bu gərginlik səbəbindən hazırda Azərbaycanda intellektual tədbirlərin sayı xeyli azalıb. Çünki biz harada tədbir təşkil ediriksə, klubun sədri həmin yerə məktub göndərərək prosesə mane olur".
Bu vəziyyət gənclərin gənclər və idman naziri Fərid Qayıbova açıq məktub göndərməsinə səbəb olub. Ancaq müsahibimizin sözlərinə görə, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb.
"Səbr kasamızın daşdığı bir mərhələdə biz gənclər və idman naziri Fərid Qayıbova açıq məktub ünvanladıq və bir xeyli reaksiya aldıq. Lakin təəssüf ki, Gənclər və İdman Nazirliyində bu istiqamətdə hər hansı bir araşdırma və ya iş aparılmır. Ümumiyyətlə, son dövrlərdə Azad Manaflının bəzi qayda pozuntularına cəhd etdiyini də biz müşahidə etmişik. Məsələn, Gənclər Fondunun qrant müsabiqəsinə qalib olmuş "Azərbaycan Kuboku" layihəsi üçün o, 90 manat iştirak haqqı təyin etmişdi. Halbuki qrant layihəsi olduğundan bütün xərclər əvvəldən qarşılanmışdı. Biz də ona xəbərdarlıq etdik ki, qrant layihəsi üçün iştirak haqqı tətbiq etmək və əlavə gəlir əldə etməyə çalışmaq qanunsuzdur".
Jurnalist bildirib ki, onlar Gənclər və İdman Nazirliyinin məsələyə müdaxilə etməsini və yaranmış vəziyyətin araşdırılmasını tələb edirlər.
Qeyd edək ki, mövzu ilə bağlı Gənclər və İdman Nazirliyinə sorğu ünvaladıq. Qurumdan bildirildi ki, məsələ onların səlahiyyət dairəsinə aid deyil.
Mövzunu diqqətdə saxlayacağıq.
Türkan İsgəndərli
tag: Gənclər və İdman Nazirliyi,Gənclər ,İdman,Nazir,Fərid Qayıbov,todaypress.tv,
